İşgəncəli islahatların yuvası – cəzaçəkmə müəssisələri

“Mən ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər”

(Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanovun yanvardakı açıqlamasından)

Keçmişin dəhşətli cəza üsulları olub. Daha dəhşətlisi odur ki, kimlər bu cəbr alət və üsulları kəşf edib, kimlər onların daim işlənməsinin ilhamverici qüvvəsi olub, sonda özləri də yaratdıqlarının, hərəkətdə saxladıqlarının qurbanı olub.

17-18-ci əsr Avropasının sərrast və qanlı cəza aləti gilyotin öncə hakim əllərinin silahına çevrilib, sonra isə həmin əllərin sahibləri də öz başlarını ondan qurtara bilməyib. İnqilablar dövrünün bu yaramaz ölüm maşını həyatların sonunun çatmasında xeyli məsafə qət edib.

Pis işlər gözəl sözlərlə başladığı kimi, bu edam maşınına zərif adlar yapışdırırdılar. “Madam gilyotin”, “şotland qızı” deyərək.. Kəskin terror yolu ilə mütləq hakimiyyətə can atan Robespyerin dəst-xəttində başlıca amil gilyotin idi. O qətiyyətli gilyotin terroru ilə kütlənin diqqət mərkəzində idi. O rəqiblərini, müttəfiqlərini, yüzlərlə insanı qan içində boğdu. Gilyotin onun fəaliyyətinin ən mühüm imkanı idi. Ancaq bu imkan axıra qədər zəif cüssəli liderə sədaqətli olmadı. Dövlət terroru ilə onun adı yanaşı çəkildiyi mühüm bir məqamda, onun gilyotinin ağzının sağı-solu biçməsinin tam zirvəsinə qalxmasından 3 ay sonra, 36 yaşında onun başı gilyotinin sərt zərbəsi ilə bu edamı həvəslə izləyən xalqın ayaqları altına diyirləndi.

Gilyotin heç onu ərsə gətirən, icad edən doktor Jozef Gilyotinə də rəhm eləmədi.

Doktorun da boynunu o alət üzdü. Məqsədim dar ağacını, gilyotini, elektrik stulunu və s. xatırlatmaq deyil. Bu cür cəza maşınlarının, metodologiyaların sonradan sahiblərini, ustadlarını diri-diri udmasını göz önünə gətirməkdir. Bir baxın, Azərbaycan iqtidarının idarəçilik metodologiyası əski zamanların qaydalarını xatırladır. Әn maksimalist cəza tədbirlərinə əl atılır. Hakim, müstəntiq tayfası ilk fürsətdəcə ittihamın üst qatını elan edir, istəyir. Həbsxanalarda məhbuslar min cür işgəncələrlə öldürülür.

Nümunəsi gözümüzün qarşısındadır: 14 saylı kolonda bədənin ən müxtəlif nahiyyələri yandırılmış Elşad Babayev. Elşad Babayev olayına şahidlik etdiyi güman olunan 10-dan artıq məhbus vərəmlilərin olduğu yerə aparıldığı və bunun onların axırına çıxmaq üçün olduğu iddia olunur. İslam partiyasının üzvü, 60 yaşlı Hacı Vaqif Axundov baxmayaraq ki, həkimlərin “türmədən buraxılmalıdı” çağırışı var idi, dünyasın orda dəyişdi. Yaxud da öldürüldü. Adam qan xərçəngindən əziyyət çəkirdi, 11 illik həbsə məhkum edilmişdi. Nəcib məqsədlər üçün mübarizə aparan siyasi məhbuslar karsa salınır, yaxın qohumları ilə görüşünə qadağa qoyulur. Hər cür məhdudiyyətlərin, təzyiqlərin məngənəsində boğulurlar. Gilyotin Fransada edam aləti kimi Cinayət Məcəlləsinə daxil idi, ancaq Elşad Babayevin (keçən ilin axırında türmədə işgəncəylə öldürülən 31 yaşlı gənc), adlarını sadaladığımızların başına gətirilənlər tam qanunsuzdur. Adi yazışmaları əllərindən alınır, məhkəmədə deyəcəkləri son sözləri odlu silah kimi müsadirə olunur, səhhətində kəskin xəstəlik olan yaşlı, gənc məhbuslara qanunvericilikdə nəzərdə tutulmuş hər hansı güzəşt imkanı tanınmır. Yazılı qanunların maksimum qatları tətbiq olunur, yazılmamış qaydaları sərt formada işə salmaqla mənəvi və fiziki işgəncləri təkmilləşdirirlər.

Yaxşı, tutaq ki, öldürdüyünüzü öldürdünüz, xəstə sala bildiyinizi xəstə etdiniz, günahsız adamların ömründən kəsdiniz, sonra nə olacaq? Düşünmürsüz ki, təkmilləşdirdiyiniz cəza növləri bir gün ən mükəmməl formada sizin canınızı, azadlığınızı məhv edəcək?

Siz yuxarıda haqqında danışdığım Robespyer ola bilməzsiniz. Adam terror yolu ilə kütlənin lideri idi, özünü inandırmışdı ki, inqilabı məhz, bu yolla qorumalıdır. Və nəfsindən də özünü qoruyurdu. Sizin kimi pul, vəzifə, komfort həyat üçün gilyotini sağa-sola çırpmırdı. Siz isə, ey rəzil adamlar, nə ideoji məqsədiniz var, nə sanballı hədəfiniz. Tarixə adam kimi adınızı yazdıra da bilməycəksiz. Yazdırsanız da, rüşvətxor, qanunsuz məmurcığaz kimi yazdıracaqsız.gilyotin-300x221

Kateqoriya:Kateqoriyasız

Bir şərh yazın